Xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzli “Sky News Arabia” telekanalına Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə Türkiyənin Suriya və İraqla əlaqələri, İsrailin Qəzzaya hücumları və atəşkəs danışıqları ilə bağlı müsahibə verib.
Hafta.az-ın yazdığına görə, Fələstin-İsrail sülh danışıqlarında razılığın əldə olunmaması ilə bağlı Fidan, “İsrailin baş naziri Binyamin Netanyahunun başqa bir gündəmi var. Fələstində atəşkəs Netanyahunun siyasi hədəfləri ilə üst-üstə düşmür. Həm amerikalılar, həm də qərblilər bu məsələdə həmfikirdirlər" deyib.
Fidan həmçinin, "İki dövlətli həlli indi tətbiq etməsək, gələcəkdə dördüncü Qəzza müharibəsi olacaq. Davamlı müharibələrlə məşğul olacağıq" deyib.
“İki dövlətli həllə bağlı razılaşma olarsa, Türkiyə təklif etdiyimiz qarant mexanizminin bir parçası ola bilər”, - nazir bildirib.
Türkiyənin Suriya ilə bağlı son mövqeyinə dair sualı cavablandıran Fidan terrorun Suriyadan təmizlənməsinə diqqət çəkərək, xüsusilə PKK-nın işğal etdiyi ərəb torpaqları və ələ keçirdikləri neft obyektlərinin olduğunu bildirib. Fidan, “PKK/YPG ilə mübarizə aparmalı, neft və enerji qaynaqlarını onlardan alıb Suriya xalqına qaytarmalıyıq” deyib.
Ankara və Bağdadın PKK-ya qarşı mübarizədə ortaq perspektiv və mövqeyə malik olub-olmaması sualına gəlincə, Fidan bildirib ki, Türkiyə olaraq İraqda həm siyasi sabitliyin, həm də can təhlükəsizliyinin təmin edilməsinə daim konstruktiv töhfələr verirlər.
Fidan, "PKK xərçəng hüceyrəsi kimi İraqın hər yerinə yayılır. Bu, artıq bizim deyil, İraqın milli təhlükəsizlik probleminə çevrilib" deyə bildirib.